azn dollar

azn dollar

Denominasiya və yeni nəsil pul nişanlarının (AZN) dövriyyəyə buraxılması

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanmışdır.

Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Ölkədə həyata keçirilən denominasiyanı yüksək qiymətləndirən prezident cənab İlham Əliyev yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılmasını son dövrdə həyata keçirilən mühüm milli layihələrdən biri olduğunu qeyd etmişdir.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir.

Yeni dizayn konsepsiyasının əsas şərtləri müsabiqəyə təqdim olunacaq pulların dizaynlarını dünyada ən yeni cərəyanları və “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanması olmuşdur.

Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi cənab Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir.

Dizaynların hazırlanmasında və ideyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülmüş, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və avropa ailəsinə inteqrasiyasını təzahür etmişdir.

Ölkə prezidenti cənab İlham Əliyev yeni nəsil pul nişanlarının dizaynına münasibət bildirirək qeyd etmişdir: “Manat çox gözəl dizayna malikdir. Üzərində Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini, bu gününü və gələcəyini əks etdirən təsvirlər mövcuddur. Ümid edirəm ki, uzun illər, onilliklər ərzində bu manat Azərbaycan xalqına, vətəndaşlarına xidmət edəcək, ölkəmiz daha da zənginləşəcək və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir.”

Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanmışdır. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilmiş, həm istehsal, həm də istehsaldan sonra əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılmışdır.

Müasir dövrdə kompyuter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir. Məhz bu səbəblərdən əskinaslarda yeni və müasir mühafizə elementlərinin və xüsusi mühafizə sistemlərinin tətbiqinin aktuallığı getdikcə artırdı. Saxtakarların uğurlu olmalarının əsas amili əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyələnir. Belə olan halda Milli Bankın əsas vəzifəsi yeni və ənənəvi texnologiyaların kombinasiyası olan mühafizə sistemini yaratmaqdan və ictimaiyyəti bunlarla yaxından tanış etməkdən ibarət olur.

Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunmuşdur.